Xaçmazda evlərə oğurluğa girən şəxs qadınlara təcavüz etməyə cəhd göstərib. Ona 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm oxunub. Bu barədə ShimalNews 14 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
Məhkum Kənan Quliyev (soyad şərtidir) Qaraçı kəndindəndir. O, ilk dəfə 2020-ci il 24 sentyabrda, növbəti dəfə isə 23 iyun 2021-ci ildə cinayətə əl atıb. Bununla bağlı təfərrüatlar məlum olub.
Hadisənin birində Kənan evə daxil olan zaman ev sahibi Aysel Qulamova (ad-soyad şərtidir) hamamda olub. Qadın hamamdan çıxdığı zaman oğru ilə qarşı-qarşıya gəlib. Kənan mətbəxdən götürdüyü bıçaqla onu qorxudub və təcavüz etməyə çalışıb.
Cinayətkar qadına zərbələr endirib və bıçaqla xəsarət yetirib. Lakin qadın təslim olmayıb. Onunla bacarmadığını görən Kənan evdən qaçıb. Aysel isə qışqıra-qışqıra qonşu evə qaçıb və hadisə yerinə polis əməkdaşları gəliblər.
Digər cinayət də Ayselin qonşuluğunda qeydə alınıb. Ev sahibi Nigar Səlimovanın (ad-soyad şərtidir) azyaşlı övladları çörək almaq üçün marketə getmişdilər. Bu zaman Kənan evə daxil olub və eyni məqsədlə Nigarı hədələyib.
Qadın evində kamera olduğunu və hazırda həyat yoldaşı tərəfindən izlənildiyini deyib. Kənan Nigarı evdən həyətə çıxmağa məcbur edib. Bu anda darvaza döyülüb, uşaqlar marketdən qayıdıblar. Cinayətkar qadına uşaqları evə salmağı, özünün isə bağa gəlməyini tapşırıb. Qadın isə darvazanı açaraq uşaqlara qaçmağı tapşırıb, özü isə qonşunun evinə qaçıb.
Nigar Səlimova hadisə baş verən zaman 6 aylıq hamilə olub.
Bu dəfə cinayətkarın qurbanı onun üzünü tam görüb. Polis hər 2 əməli törədən şəxsin Kənan Quliyev olduğunu müəyyən edib və onu saxlayıb.