Xalq yazıçısı və Əməkdar incəsənət xadimi Qılman İlkin bir müddət Xaçmazda yaşayıb, çalışıb. Onun Xaçmazla bağlı bir neçə xatirəsi var.

Qılman İlkin 1931-ci ildə texnikumu bitirməli idi, lakin bir il tez buraxıldı. Onun 15 yaşı var idi. O zamanlar Azərbaycan rayonlarında müəllimlərə böyük ehtiyac var idi və yazıçı Əhmədoba kənd məktəbinə təyin edildi.

Yazıçı Əhmədobada çalışdığı kənd məktəbini belə təsvir edib: “Məktəb binasını tövlədən düzəltmişdilər. Bütün sinif şagirdləri bir otaqda otururdu. Bir cərgədə birincilər, o birində ikincilər…”.

Qılman İlkin Xaçmazda çalışan zaman qızları məktəbə cəlb etdiyi üçün ölümlə təhdid edilirdi. Onun xatirələrindən: “Xaçmazda işləmək çox qorxuluydu. Rayon ətrafındakı meşəliklərdə çoxlu qolçomaqlar vardı. Ona görə də kənd sovetinin sədri məni yanında saxlayırdı. Deyirdi ki, qolçomaqlar səni öldürər…Bir gün maarif nazirinin çağırışı ilə şəhərə getdim. Qayıdanda gördüm ki, kənd matəm içərisindədi. Demə, qaçaqlar kənd sovetinin sədrini gecəykən yatdığı yerdə öldürüblər. Allah məni ölümdən qurtarıb. Bir il belə mühitdə müəllim işlədim. Sonra şəhərə qayıtdım…”.

Yazıçının sevgi hekayəsi isə belə olub: “Sevgiyə bənzər hissi Xaçmazda yaşadım. Bir şagirdim mənə vurulmuşdu. Gözəl qız idi. Dördüncü sinifdə oxumalıydı, amma birincilərlə otururdu. Hiss eləyirdim ki, dərsboyu əlini çənəsinə qoyub mənə tamaşa edir. Onda mənim 15 yaşım vardı. Sonra dayısı nəsə hiss eləyib onu məktəbdən çıxartdı. Arada yenə qaçıb gəldi. Mənim Bakıya qayıdacağımı biləndə elə ağlamışdı ki… Sonralar arxamca Bakıya da gəlib. Amma məni tapa bilməyib”.

Yazıçı Qılman İlkin kimi tanınan Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində anadan olub. O, “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə” , “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri”, “Bakı və bakılılar” əsərlərinin müəllifidir. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

İstinad edilən mənbələr: