Türkiyəli psixoloqlar tərəfindən Xaçmazda müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım göstəriləcək. Bu barədə ShimalNews 12 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloqlar dəvət edib. Onlar FHN-in mütəxəssisləri ilə birgə psixoloji yardım işi həyata keçirəcəklər.

Sözügedən proses noyabrın 14-dən etibarən Xaçmaz şəhəri, H.Əliyev prospekti, 66a ünvanında yerləşən FHN-in Şimal Regional Mərkəzində start götürəcək.

Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.