Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı balet nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iştirak edib. Onun libasında Quba xalçaçılıq məktəbinə aid naxışlar əks olunub. Bu haqda ShimalNews 11 noyabr tarixində məlumat verir.

Özbəkistanda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü təşkil olunub. Birinci xanım tədbirə məşhur modelyer Rüfət İsmayılın yaratdığı libasda qatılıb. Onun üzərində “Pirəbədil” xalçasının naxışları əks olunub. Qədim tarixi olan bu xalçalardakı detallar “Burma”, “Qırman”, bəzən isə “Qayçı” adlandırılır. Bu xalçaların sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “Qayçı”, “buynuz” təsviri, ortada isə “hindtoyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvir əks olunub.

Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürlərin, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür. Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır.

“Lazgi – Xarəzm rəqsi” 2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Onun nümayiş olunduğu Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrı Özbəkistanın ən böyük teatrlarından biridir.