Tarixi-bioqrafik “Fətəli xan” filmi XVIII əsrdə qubalı Fətəli xanın Azərbaycan xanlıqlarını birləşdirib, vahid bir dövlət yaratmaq uğrunda mübarizəsindən bəhs edir. Kino ideoloji təbliğat əsəri kimi yaradılmışdır və 1947-ci ildə çəkilib, 1958-ci (1959) ildə yayımlanmışdır.
1942-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanın dövlət xadimləri haqqında yüksək səviyyəli bədii əsərlər yaratmağa çağırış edir. Bu çağırışa cavab olaraq, yazıçı Ənvər Məmmədxanlı “Fətəli xan” filminin ssenarisini yazıb, studiyaya təhvil verir. Ssenarini onunla birgə, həmçinin Mehdi Hüseyn yazıb.
“Fətəli xan” kinoəsəri sovet ideologiyası ilə uyğun gəlmədiyindən filmin ekrana çıxarılmasına qadağa qoyulmuşdur. Buna səbəb isə filmdə Azərbaycan xanlıqlarını birləşdirib vahid dövlət yaratmaq istəyən Fətəli xanın siyasətinin sovet ideologiyasına sərfəli olmaması idi. Həmçinin buna görə həmin vaxt filmdən bir çox maraqlı hissələr çıxarılmışdır.
“Fətəli xan” filminin bir çox epizodları kinostudiyanın pavilyonunda və həyətində, qala divarları qarşısında baş verən hadisələr isə Buzovnada lentə alınıb.
Kinonun çəkilişi zamanı bir sıra çətinliklər yaranıb. Filmin direktoru Daniil Yevdayevin kinostudiyanın direktoru Nüsrət Vəzirova yazdığı məktubdan bunu aydın görmək olar. Məktubda belə deyilir: “İşıq şəraitinin pis olması, yəni günəşin olmaması ilə əlaqədar iki böyük natura dekorasiyasının – Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın iç tərəfinin (kinostudiyanın həyətində) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım idi. Halbuki çox çətinliklə böyük sayda insan və atlı toplanmışdı”.
Filmin quruluşçu rejissoru SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Yefim Dziqan idi. Filmin ikinci rejissoru Zeynəb Kazımova olub. Filmdə Fətəli xan obrazını isə Xalq artisti Ələsgər Ələkbərov canlandırıb. Fətəli xanın həyat yoldaşı Tutu (Tuti) Bikə rolunda isə Xalq artisti Leyla Bədirbəyli çəkilib. Filmin bəstəkarı Niyazi idi.
İstinad edilən mənbələr:
- Şəmsəddin Abbasov.-Sovet Azərbaycanının kinosu.-Kommunist.- 29 avqust. 1958.
- Кино: Энциклопедический словарь. Москва-1987.
- 57 ildən sonra ilk baxış.-Xalq qəzeti.-15 fevral 2004.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. I cild. Bakı-2003.
- Aydın Kazımzadə. Kino və zaman. Bakı-2016.
- https://www.youtube.com/watch?v=bclOM58cJNs