İsmayıllının adı və dadı ilə məşhur olan Qızıləhmədi almasının yığımı davam edir. Bu barədə ShimalNews 2 noyabr tarixində Xəzər TV-yə istinadən məlumat verir.

Təsərrüfat sahiblərinin sözlərinə görə, bu il məhsuldarlıq yüksəkdir. Meyvənin qiyməti də xeyli artıb. Ötən il 1 kq 2-3 manata satılan məhsul bu il 4-5 manata təklif edilir. Ölçüsündən asılı olaraq, aşağı qiymətə satılan alma da var.

Qızıləhmədi alması 30-40 dərəcə şaxtaya belə dözümlüdür. Əzildikdə isə özünü bərpa etmə xüsusiyyəti var.

Təsərrüfat sahibi Səməd Şirəliyev bildirir ki, noyabr ayının ortalarına kimi Qızıləhmədinin yığımı yekunlaşır. Sonra isə xüsusi yer hazırlanır və o, orada saxlanılır:

“Gedirik sahələrdən, meşələrdən qıjə bitkisini yığırıq. Elmi dildə ona ayıdöşəyi deyilir. Qıjəni tədərük edib gətiririk. Sonra onunla yer düzəldirik. Meyvəni köçürürük ora. Sonra noyabrın axırında, soyuqlar düşəndə həmin qıjə ilə onun üstünü bərkidirik. Beləliklə, alma may ayına kimi qalır”.

May ayında isə meyvə çıxarılır və alıcılara təqdim edilir.