Qaçaq Mayıl kimi tanınan Mayıl Zahirov 1860-cı (1862, 1874) ildə Quba rayonunun Xaşı kəndində (digər mənbələrdə Buduq kəndində) anadan olub.

Mayılın 16 yaşı olanda o, Sankt-Peterburqda yerləşən Kadet məktəbinə oxumağa göndərilir. 1915-ci ildə Qaçaq Mayıl keçmiş Qonaqkənd nahiyəsinin yüzbaşısı seçilmişdir.

Mayıl XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri olmuş, ermənilərin və Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına hücumlarının qarşısını almışdır.

1918-ci ildə daşnak qoşunu Şamaxını tutduqdan sonra Xaltan yolu ilə Qubaya yollanmışdı. Qaçaq Mayıl öz dəstəsini vaxtında səfərbər etdiyinə görə onların bu mənfur planları baş tutmadı.

1920-ci ildə Şabran rayonunun Sarvan stansiyasında Qaçaq Mayıl və Qızıl Ordu arasında döyüş baş vermişdir. Döyüş Qızıl Ordunun xeyli canlı qüvvəsini itirməsi ilə bitmişdir.

Qaçaq Mayıl, həmçinin Türkiyənin istiqlaliyyəti uğrunda da vuruşub. O, öz dəstəsi ilə 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə iştirak edib.

1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu olub, həmçinin Rəsulzadənin Azərbaycanı tərk etməsində kömək etmişdir.

Qaçaq Mayıl 1924-cü ildə Quba rayonunda yerləşən Təngəaltı dərəsində döyüşlərin birində yaralanır. Yara ağır olduğundan vəfat edir, öz vəsiyyətinə görə Quba rayonunun Xaşı kəndində yerləşən “Şeyx Əli baba” piri yaxınlığında dəfn edilir.

 

İstinad edilən mənbələr: