“Samur” və “Xanoba” sərhəd-keçid məntəqələrinin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olmaq üçün Azərbaycan və Rusiya nümayəndə heyətləri baxış keçiriblər. Bu barədə ShimalNews 28 oktyabr tarixində İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Tədbir zamanı heyətlər, həmçinin Rusiya Federasiyasının dövlət sərhədində “Yaraq-Qazmalar” və “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqələrində olublar. Sonra “Samur” sərhəd-buraxılış məntəqəsində görüş keçirilib.

Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğu, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb. “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcək.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, eləcə də iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. O, sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.

Sonra tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.