Şimal regionunda meyvə-tərəvəz istehsalı ilə məşğul olan sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib. Bu barədə ShimalNews 26 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.

Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan sahibkarlar Xaçmaz KOB evində toplanıblar. Onları KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, millət vəkilləri Vahid Əhmədov və Sevil Mikayılova, eləcə də ətraf rayonların icra hakimiyyətlərinin və sahibkarlara xidmət göstərən qurumların nümayəndələri dinləyiblər.

Müzakirələr, əsasən, regionda yetişdirilən meyvə-tərəvəz məhsullarının emalı üçün müəssisələrin yaradılması, ixracla bağlı çətinliklər, yerli məhsulların satışının təşviqi, logistika və daşınma ilə bağlı problemlər, qablaşdırma və kadr məsələləri, sahibkarların maliyyə resurslarına çıxışı, kommunal xidmətlərə qoşulma, sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb, daha sonra onların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Görüşdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcək.