Sənətşünaslıq elmləri doktoru Nurəddin Davud oğlu Həbibov 5 may 1923-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub.

Nurəddin Həzrə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Quba pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, indiki “Qusar” qəzetinin redaksiyasında məsul katib vəzifəsində işləyib.

Böyük Vətən müharibəsi (1941-1945) illərində Həbibov Şimali Qafqaz və Krım cəbhələrindəki döyüşlərdə iştirak etmişdir. O, Krımın Kerç şəhərində gedən döyüşlər zamanı yaralanmışdır. Nurəddin müharibədə göstərdiyi qəhrəmanlığa görə, “Qafqazın müdafiəsinə görə”, “Döyüş xidmətlərinə görə”, “Əmək veteranı” və digər medallarla təltif olunmuşdur.

Həbibov 1946-cı ildə indiki Bakı Dövlət Universitetini bitirdikdən sonra 1947-1951-ci illərdə indiki Sankt-Peterburq Dövlət Universitetinin incəsənət tarixi fakültəsini də fərqlənmə diplomu ilə bitirib. Sonralar Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Həmin vaxt o, SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Nurəddin 1951-1965-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq məktəbində, 1973-1986-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında, 1992-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Həbibov 1953-1956-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda aspirant, kiçik, aparıcı və baş elmi işçi vəzifələrini icra etmişdir. O, 1958-ci ildə sənətşünaslıq elmləri namizədi, 1970-ci ildə sənətşünaslıq doktoru, 1980-cı illərdə  professor elmi dərəcəsini alıb.

Nurəddin Həbibov “Rəssamlıqdan söhbət”, “Bədii zövq haqqında”, “Azərbaycan Sovet rəssamlığı”, “Mikelancelo”, “Azərbaycan incəsənəti”, “Füzuli dünyası rəsmlərdə”, “İskusstvo Sovetskoqo Azerbaydjana”, “Mikayıl Abdullayev”, “İzobrazitelnoye iskusstvo Azerbaydjanskoy SSR” əsərlərinin müəllifidir.

Nurəddin 1992-ci ildə Bakıda Ləzgi Milli Mərkəzinin idarə heyətinə üzv seçilmişdir,  1992-1997-ci illərdə isə o, “Samur” qəzetinin baş redaktoru vəzifəsində işləmişdir.

Nurəddin Həbibov 4 fevral 2006-cı ildə vəfat edib.


İstinad edilən mənbələr:

  • Davudov B.B, Ələsgərov B.A, Muradağayev M.S, Qusarın şanlı övladları. Bakı-2005.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Samur qəzeti.-16.03.2012.
  • Elm qəzeti.- Nurəddin Davud oğlu Həbibov.- 17 fevral 2006.
  • https://525.az/?name=xeber&news_id=9916