Vaqif Əlixanov (Əlixanlı) 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub.
Əlixanlı orta təhsilini 1949-1959-cu illərdə Yerfi kəndində almışdır. Bundan sonra o, iki il kolxozda çalışmışdır. Dramaturq 1959 (1961) -1964-cü (1967) illərdə indiki BDU-nun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirmişdir.
O, 1968-1971-ci illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor, 1971-1976-cı illərdə isə orada baş redaktor kimi çalışmışdır.
Vaqif Əlixanlı 1976-1979-cu illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi kimi çalışıb. Əlixanlı Quba xanı Fətəli xanın nəslindən olduğuna görə onu yüksək vəzifəyə təsdiq etmirdilər. 1979-cu ildə o, ssenari-redaksiya heyətinin üzvü, 1979-1981-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi teatr və musiqi mutəxəssisləri idarəsinin baş redaktoru olmuşdur.
O, ədəbi fəaliyyətə 1968-ci ildən “Bulaq” radio verilişinə yazdığı etnoqrafik hekayələr və “İncəsənət” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlamışdır. Əlixanlı “Bulaq” verilişinə görə 1972-ci ildə “Qızıl qələm” mükafatını alıb.
Vaqif Əlixanlı 1975-ci ildən Jurnalistlər Birliyinin, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Əlixanlı 2008-ci ildən “Space” TV-də Dublyaj redaksiyasının, 2013-2021-ci illərdə isə “Qobustan” jurnalının baş redaktoru olub.
Əlixanlı “Əkmə qəm ağacı”, “Oğlum, qardaşım əcəl” adlı kinopovestlərin və “Əcəl atı” tamaşasının müəllifidir. Onun “Dünyanın Mövlanəsi” pyesi “Mövlanə” Beynəlxalq müsabiqəsində ikinci yer tutub və əsər Türkiyənin “GÜAM” Beynəlxalq dərgisində çap olunub.
İstinad edilən mənbələr:
- Teymur Əhmədov. Azərbaycan yazıçıları ensiklopedik məlumat kitabı. Bakı-1995.
- Vaqif Əlixanlı.-Ədəbiyyat qəzeti.-26 yanvar 2019-cü il.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Tahir Həsənli. Yerfililər. Bakı-2012.
- Quba, qubalılar. Bakı-2012.
- http://az.baku-art.com/az/bu-gun-emekdar-med-niyy-t-ishchisi-vaqif-lixanlin-n-dogum-g-n-d-r
- https://sherg.az/arxiv/11626
- https://kulis.az/xeber/senet/xeber____________________________________________________________-24157