Quxuroba kəndi Qusar rayonunun Quxuroba inzibati ərazi dairəsində, rayon mərkəzindən 25 kilometr məsafədə, dağətəyi ərazidə, Qusar maili düzənliyində yerləşir. Kəndin adı bəzi mənbələrdə “Kuxur oba” kimi də qeyd olunur.

Yaşayış məntəqəsi XX əsrin əvvəllərində Qusarın vaxtilə qədim kəndlərindən biri Quxur kəndindən çıxmış ailələr tərəfindən salınıb.

Quxuroba oykonimi “Quxur kəndinə məxsus olan oba” mənasındadır. “Quxur” sözü ləzgi dilindən “qved” (iki) dialekt forması olan “qu” (iki) və “xur” (kənd) sözlərinin birləşməsindən əmələ gəlib, bu isə “iki kənd” deməkdir.

Kənddən bir kilometr şimalda IV-VII əsrlərə aid “Quxurpel” (Quxur təpəsi) yerləşir. Bu qədim yaşayış yeri vaxtilə üç təpədən ibarət olub, lakin sonralar təsərrüfat işləri zamanı bir təpə tamamilə dağıdılmışdır. İkinci təpədə isə tikinti işləri aparılmışdır.

1976-cı ildə kənddə arxeoloji qazıntılar aparılmışdır. Buradan gil məmulatları, silah və bəzək əşyaları, dulus kürəsindən istifadə edilmədən əldə hazırlanmış gil qablar tapılmışdır. Həmçinin atı ilə basdırılmış sərkərdə qəbri, içərisində yaxşı saxlanmış dəmir xəncər aşkarlanmışdır.

Kəndin ərazisində, həmçinin IV-VII əsrlərə aid Quxuroba nekropolu da mövcuddur.

2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 1861 nəfər təşkil edib.

Qusarın Quxur kəndindən çıxmış ailələr tərəfindən salınan Quxuroba kəndi Qusar, Quxuroba, Quxur, Quxurpel, Quxur təpəsi, Quxuroba nekropolu
Photo Shimal.News

İstinad edilən mənbələr:

  • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.
  • Abdulla Orucov. Şimal-şərqi Azərbaycan ilk orta əsrlərdə. Bakı-2018.
  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Elbrus Şahmar. Qusar – beşiyim mənim. Bakı-2012.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.