Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Bu barədə ShimalNews 4 oktyabr tarixində Report-a istinadən məlumat verir.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli Kompleksə məxsus torpaq sahəsində aparılan qanunsuz tikintinin qarşısının alındığını bildirib və bundan sonra yaranacaq analoji vəziyyətin operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.

“Kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər. Qoruğun mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar hər hansı bir hərəkət yolverilməzdir”, – deyə Azad Cəfərli bildirib.

Bir neçə gün öncə muzey binası ilə üzbəüz istiqamətdə yerləşən ərazidə xəbərdarlığa baxmayaraq, yaşayış evlərinin tikintisinə başlanılmış, lakin aidiyyəti qurumların səyi nəticəsində inşaat işləri dayandırılmışdır.

Quba, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti