“Yol əhvalatı” bədii film kinorejissor və Əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin ilk və son işi idi. Film 1980-ci ildə çəkilib.

Ekran əsərinin çəkilişi bir hadisə ilə bağlıdır. Bir dəfə jurnalist və filmin ssenari müəllifi Asim Cəlilov yaşadığı küçədə təyyarə ilə avtomobilin toqquşmasının şahidi olur. Həmin hadisə yerinə avtomobil müfəttişinin gəlməsini və avtomobil sürücüsünün günahlandırılmasını görür. Beləliklə, jurnalist bu hadisə əsasında ssenari yazır.

Ekran əsəri gənc sürücü Mustafanın Zümrüdlə məhəbbətindən bəhs edir. Bu kinokomediyanın əsas məqsədləri isə sosial əhəmiyyətli mövzuları təhlil etmək, mənfi xarakterli personajları, həyat məsələlərinə mane olan xoşagəlməz nüansları gülüş fonunda tənqid etməkdir.

Çəkilişlər, əsasən, Xaçmazda, Bakıda, Binə hava limanında (indiki Heydər Əliyev adına Beynəlxalq Hava Limanı), “Gənclik” metro stansiyasının yaxınlığında aparılıb. Qoyunların təyyarəyə yüklənməsi isə Xaçmaz aeroportunda çəkilib. Aktyor Yusif Əlizadənin sözlərindən: “Xaçmazdakı çəkilişlər üçün 3 gün orada qaldıq. Bizi çox yaxşı qarşıladılar. Hər şey çox gözəl idi”.

Ekran əsərini fərqləndirən xüsusiyyətlərdən biri aktyorların bir çox səhnələrdə improvizə etməsi idi.

Filmin ikinci operatoru əslən erməni idi. Robert Silanyan adlı operator ekran əsərinin çəkilişində xarab plyonkanı istifadə etmişdir. Bu səbəbdən film, demək olar ki, iki dəfə çəkilmişdir. Kinonun lentə alınmasına 300 min rubla yaxın vəsait ayrılmışdı.

Filmin redaktoru Ramiz Rövşən, bədii rəhbəri isə Eldar Şengelayadır. Ekran əsərinin quruluşçu operatorları Şərif Şərifov, Ələsgər Ələkbərov, bəstəkarı Polad Bülbüloğlu, ikinci rejissoru Rafiq Dadaşovdur.

Filmdə rolları Səyavuş Aslan, Yaşar Nuri, Həmidə Ömərova, Kamil Məhərrəmov, Sofa Bəşirzadə, Ceyhun Mirzəyev, Yusif Əlizadə, Vaxtanq Pançulidze, Eldəniz Zeynalov, Məmmədağa Dadaşov, Muxtar Maniyev və digərləri ifa ediblər.

 

İstinad edilən mənbələr: