Qubada dövlət tərəfindən qorunan abidə ərazisində yaşayış evlərinin tikintisi dayandırılıb. Bu barədə ShimalNews 30 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Tikinti Soyqırımı Memorial Kompleksinin mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə, meşə zolağının üst hissəsində yerləşən ərazidə aparılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, işlər bir neçə gün öncə başlanılıb.

“Xəbərdarlığımıza baxmayaraq, yaşayış evlərinin tikintisi başlanıb. Tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyil. Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir.

Tərəfimizdən tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb”, – Xidmətdən bildirilib.