Cəlal Nuhbala oğlu Nuhov 1930-cu ildə Quba rayonunun Gəray kəndində kolxozçu ailəsində anadan olub. O, jurnalist, filosof, pedaqoq, alim, tərcüməçi və müəllim kimi fəaliyyət göstərib.

Cəlal 1949-cu ildə Quba Pedaqoji Məktəbini bitirdikdən sonra keçmiş Xudat rayonu Xudatkənd yeddiillik məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra o, Quba rayonunun kənd məktəblərində şagirdlərə rus dilini tədris edib. Nuhov müəllim işləyərkən “Şəfəq” qəzetində xüsusi müxbir kimi çıxış edirdi.

Jurnalist 1962-ci ildə Pyatiqorsk Dövlət Pedaqoji Dillər İnstitutunun (indiki Pyatiqorsk Dövlət Univeristeti) dil-ədəbiyyat fakültəsini qiyabi olaraq bitirib.

O, 1964-cü ildən respublikanın Əməkdar jurnalisti adına layiq görülüb, SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Daha sonra Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və Respublika Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı ilə də təltif olunmuşdur.

Nuhov 1965-ci ildə “Bakinski raboçi” respublika qəzetində xüsusi müxbir, “Nauka i religiya” jurnalının müxbir üzvü işləmişdir.

Nuhov jurnalist fəaliyyəti ilə yanaşı, tədqiqatçı alim kimi çalışmışdır. O, fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır.

Cəlal bədii əsərlərin tərcüməsi ilə də məşğul olub. O, Vadim Kojevnikovun “Qılınc və qalxan”, avstraliyalı və britaniyalı yazıçı Ceyms Oldricin “Diplomat” romanını və digər əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə edib.

Təxminən 1970-1975-ci illərdə Nuhovun təşəbbüsü ilə Gəray kəndində mağaza-anbar binası inşa olunmuşdur. Həmin bina hazırda xalçatoxuma sexi kimi istifadə edilir.

Cəlal Nuhov 1986-cı ildə vəfat edib.


İstinad edilən mənbələr: