Qusarçay kəndi Xaçmaz rayonunun mərkəzindən 15 kilometr aralıda yerləşir.
Kənd XIX əsrin sonlarında salınıb. Bu hadisə burada 1898-ci ildə ingilislər tərəfindən inşa olunan Qusarçay dəmir yolu stansiyasının salınması ilə bağlıdır.
Həmin stansiya yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir və adını burada axan Qusarçaydan götürüb. Bu çay Şimal-şərqi Azərbaycanda Samur çayından sonra uzunluğuna görə ikinci yerdədir və Azərbaycanın ən yüksək dağ çaylarından hesab olunur.
Qusarçay kəndinin əhalisi Quba rayonunun və digər bölgələrin dağlıq ərazisindən gəlmiş ailələrdən təşkil olunub. Kənddə 11 etnik qrupun tərkibinə daxil olan ailələr yaşayır.
Kənddə 1930-1940-cı illərdə yeddiillik məktəb binaları tikilib, 1996-ci ildə isə Qusarçay kənd Hüseyn məscidi inşa olunub.
Statistik məlumata əsasən, kənddə 2009-cu ildə 5019 nəfər yaşayıb. Əhali, əsasən, bağçılıq və tərəvəzçiliklə məşğuldur.



İstinad edilən mənbələr:
- Azərbaycan Sovet ensiklopediyası. III cild. Bakı-1979.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.
- Azərbaycanın toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
- Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı 2014.
- Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.