Turizm dəstəyi üçün yaradılan qonaq evlərinin vətəndaşların iş təminatında çətinliklərinin həll edilməsinə töhfə verəcəyi gözlənilir. Bu barədə ShimalNews 22 sentyabr tarixində Baku.ws-ə istinadən məlumat verir.

Məlumata görə, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə layihə həyata keçirilir. Layiə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında 50 qonaq evi yaradılacaq.

Turizm sahəsində çalışmaq istəyən işsiz və işaxtaran şəxslər bu layihədən faydalana bilərlər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib ki, regionlarda elə rayonlar var ki, orada hotellərin sayı çox azdır: “Bu layihə kənd camaatı üçün iş yerləri deməkdir”.

Layihədən faydalanmaq istəyən vətəndaşlar ilk növbədə işsiz və işaxtaran statusuna malik olmalıdırlar. Daha sonra vətəndaşın qonaq evinə çevirmək istədiyi mənzilin şəraiti standartlara cavab verməlidir. Bundan sonra təmir işləri aparılır və vətəndaş lazım olan bütün mebel avadanlığı ilə təmin olunur.

Qonaq evi layihəsi ilə bağlı əlavə məlumatı 142 Çağrı Mərkəzi və (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlayaraq əldə etmək olar.