İmtahanlarda ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib. Bu barədə ShimalNews 21 sentyabr tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 39 vakant vəzifə üçün müsahibə elan edilib. Nəticədə 251 nəfər namizəd arasında 133 nəfər müvəffəqiyyət qazanıb. Yeni təyinat alan din xadimləri ilə görüş keçirilib.

Tədbirdə dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi və buna qarşı mübarizədə birliyin vacibliyi barədə də danışılıb. Dövlət Komitəsinin sədri bildirib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onu bəzən çirkin əməllər üçün istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, xurafat, antimilli formaya salınır.

Bu baxımdan din xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Din xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb və Qafqaz Müsəlmanları İdarəsinin fətvalarının yerinə yetirilməsinin zəruriliyi onların diqqətinə çatdırılıb. Sonra din xadimlərinin fikirləri və təklifləri dinlənilib.

İbadət yerlərinə (məscidlərə) təyin olunan xadimlərin siyahısını təqdim edirik:

  1. Xaçmaz rayonu, Xudat kənd məscidi – imam müavini Vahid Hacıyev;
  2. Xaçmaz rayonu, Qımılqışlaq kənd məscidi – imam müavini Səbuhi Nürəddinov;
  3. Quba rayonu, Ağbil kənd məscidi – imam müavini Murtaza Ələddinov;
  4. Quba şəhəri, “Ağməscid” məscidi – imam Murtaza Ələddinov;
  5. Siyəzən şəhəri, “Cümə” məscidi – imam Niyaməddin Müzəffərov;
  6. Siyəzən şəhəri, “Cümə” məscidi – imam İmran Xudaverdili.