Quba rayonu, İkinci Nügədi kəndindən olan şəhid Eynulla Lətifovun ailəsi ilə görüş keçirilib. Bu barədə ShimalNews 21 sentyabr tarixində Xocavənd Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüş Xocavənd rayon İcra Hakimiyyətinin binasında baş tutub. İcra başçısı Eyvaz Hüseynov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Eynullanın valideynləri ilə onun həyatından və hərbi yolundan danışıb.

“Eynullanı vətənpərvər övlad kimi böyütmüşdük. Əsgərliyini bitirdikdən sonra da hərbidə qalıb xidmətini davam etdirmək istəyirdi. Telefonla danışanda: “Ana, məni təbrik edə bilərsiniz”, – deyirdi. Sən demə, çoxdan arzuladığı “İstiqlal” snayper tüfəngi ilə təmin olunubmuş. Mübariz İbrahimovun silahından istəyirdi həmişə. Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Hərbi xidmətdə olmağının bir ili tamam olması münasibətilə Eynullanı təbrik etdim… Mənim oğlum Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Onunla qürur duyuram”, – şəhid anası Gülbacı Lətifova söyləyib.

Görüşün sonunda icra başçısı, tədbir iştirakçıları şəhidin valideynləri ilə xatirə şəkli çəkiblər.

Eynulla Lətifov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.