Şimal bölgəsində yanan meşə ərazilərinin bərpası işləri davam edir. Bu barədə ShimalNews 20 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Bu il Quba, Xaçmaz, Şabran, Siyəzən, Qəbələ, Oğuz, Zaqatala rayonlarında yanğınlar meşələrə ziyan vurub. Beləliklə həmin ərazilərdə inkişafı dayanmış, yıxılmış quru ağaclar və kollar təmizlənərək ərazidən daşınır. Bunun üçün müvafiq briqadalar təşkil olunub.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanmış ərazilər təmizləndikdən sonra payız ağacəkmə mövsümünə hazır ediləcək. Sonra isə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş ağaclar əkiləcək.

Bunun üçün Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, şərq fıstığı tinglərindən və toxumlarından istifadə olunacaq.

Həmçinin bildirilib ki, təbiət özünübərpa xüsusiyyətinə malikdir. Bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində həmin proses başlayıb.