Quba rayonunun Qrız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalması gündəmə gətirilib. Bu barədə ShimalNews 20 sentyabr tarixində Oxu.az-a istinadən məlumat verir.

Sosial şəbəkələrdə memarlıq abidəsi kimi reyestrə daxil olan məscidin qəzalı vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlama verib. Bildirilib ki, bir müddət öncə xidmətin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar.

Hazırda abidənin bərpa-konservasiya olunması məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.

Qrız, Xınalıq və Cek kəndlərində 3 eyniadlı məscidi tikilib.

Hal-hazırda Xınalıq və Cek kəndlərindəki Əbu Müslim məscidləri bərpa olunaraq istifadə olunur. Qrız kəndindəki bu məscid isə dağıntılara məruz qaldığı üçün istifadə olunmur.

Divar daşındakı yazı məscidin 749-cu ildə, yəni VIII əsrdə tikildiyinə işarə edir.