Qubada bacanağını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu barədə ShimalNews 20 sentyabr tarixində Ölkə.Az-a istinadən məlumat verir.

Hadisə Nügədi-Qazmalar kəndində qeydə alınıb. Belə ki, Xaçmaz sakini olan Emin Nəsirov 2011-ci ildən tanıdığı Nemət Xəlilovu bıçaqlayıb. Nəsirovun mərhumla münasibətləri 4 il müddətində gərgin olaraq qalırdı. Səbəb isə Xəlilov Nəsirovun rəsmi nikahı olmadan yaşadığı qadını, onun anasını və bacısını (Xəlilovun qeyri-rəsmi yaşadığı qadın) əxlaqsız sözlərlə təhqir etməsi olub.

Bıçaqlanma günü Nemət Eminin yoldaşına zəng edərək yenidən təhqir edib və telefonu söndürüb. Bu hala əsəbiləşən Emin evdən bıçağı götürərək ləyaqətinə toxunan Nemətin iş yerinə gedib. Axtarıb tapandan sonra onun sinəsinin sağ tərəfinə zərbə vurub. O, Nemətin hərəkətsiz olduğunu görüb və itələyərək su arxına atıb. Hadisə yerindən təxminən 50 metr aralaşandan sonra əlindəki bıçağı torpaq sahəsinə tullayaraq evə qayıdıb.

Bir gün sonra isə Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə prosesi zamanı o, özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə Emin Nəsirov 12 il müddətinə azadlıqdan məhrum olunub.