Qubanın Alpan kəndində məktəbin yaradılmasından əvvəl uşaqlar Alpan kənd məscidində təhsil alırdılar.

Alpanda ilk təhsil müəssisəsi 1910-cu ildə Zaman bəy Qayıbov tərəfindən yaradılmışdır. Məktəbin yeri tez-tez dəyişirdi. İlk vaxtlar məktəb Zaman Qayıbovun evində yerləşirdi, bir ildən sonra isə məktəb Mülkümbəy Qayıbovun xahişi ilə onun mənzilinə köçürüldü. 12 şagirddən ibarət həmin məktəbin ilk müəllimi və müdiri Mariya Timofeyevna olmuşdur. Məktəbdə dərslər ancaq rus dilində aparılırdı və buraya bəylərin və imkanlı şəxslərin uşaqları qəbul edilirdi.

Bir müddət sonra şagirdlərin sayı artdığına görə 1914-1915-ci illərdə Alpan kəndində ilk məktəb binası inşa olunmuşdur. Məktəbə direktor Qazaxlı Harun müəllim təyin olunmuş və o, buraya 80 nəfər şagird cəlb etmişdir. Həmin məktəbin binası 1925-ci (1926) ildə yanmışdır.

Kənddə ikinci dəfə yeni məktəb 1932-ci ildə alpanlı Məhəmməd Babayev tərəfindən inşa olunmuşdur. 1935-ci ildə təhsil müəssisəsi natamam orta məktəb statusunu almışdır, bakılı Ələsgər Ələsgərov isə məktəbin ilk direktoru təyin olunmuşdur.

Alpan kəndinin ilk orta məktəbi 1945-ci ildə təşkil edilmişdir. Həmin məktəbin ilk tam buraxılışı 1951-ci ildə olmuşdur.

Kəndin sayca ikinci orta məktəbi hazırda fəaliyyət göstərən Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta məktəbidir. Təhsil müəssisəsi 1969-cu ildə istifadəyə verilmişdir. 2002-ci ildən isə məktəb Birinci Qarabağ müharibəsində Alpan kəndinin ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyır.

İstinad edilən mənbələr: