Bu gün Alpan kəndindən olan Elşad Bayramovun 1-ci Qarabağ müharibəsində şəhid olduğu gündür. Bu barədə ShimalNews 17 sentyabr tarixində məlumat verir.

Cəbhə yoldaşı, Xucbala kənd sakini Sərvər Bağırov həmin anı belə xatırlayıb: “Heç ölməli oğul deyildi. O, hamıya ürək-dirək verirdi. Sentyabrın 17-də, səhər saat 5 radələrində gördük ki, Çıldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir. Elşad onlardan parolu soruşdu, cavab gəlmədi və onlar istiqamətlərini dəyişdilər. Elşad onların erməni kəşfiyyatçıları olduğunu bilib yerini dəyişdi. Elə bu an qumbara partladı və atəş səsləri gəldi. Mən ona tərəf qaçanda artıq gec idi. O, əli ilə qarnını tutmuşdu. Al qana qərq olmuşdu. Qeyri-ixtiyari qışqırdım: “Sənə nə olub?” “Ölürəm…” dedi və gözlərini əbədi yumdu”.

Elşad 1971-ci ildə anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra bir müddət Sabir adına sovxozda fəhlə işləyib. 1989-1992-ci illərdə hərbi xidmətdə olub. Sovet ordusu sıralarında xidməti bitirən kimi Milli Orduya yazılıb.

Elşad şərəfli döyüş yolu keçərək 1992-ci il sentyabrın 17-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olub.

Elşad evli idi. Dünyaya gələcək körpəsini görmədən əbədiyyata qovuşdu. O, vəsiyyət etmişdir ki, dünyaya gələcək körpəsi oğlan olsa, adını Elşad qoysunlar. Belə də oldu.

Hal-hazırda Alpan kənd tam orta məktəbi Bayramovun adını daşıyır. Onun qəbri kəndin “Su Baba” qəbiristanlığında yerləşir.