Vətən müharibəsi şəhidi kapitan Aqil Məlikovun həyat yoldaşı Azərbaycan Dövlət Pedaqoji Universitetində işlə təmin olunub. Bu haqda ShimalNews 14 sentyabr tarixində adıçəkilən universitetə istinadən məlumat verir.

Belə ki, 2022/2023-cü tədris ilində Günel Məlikova filialın Pedaqoji fakültəsinin tütoru vəzifəsinə təyin edilib. O, 2008-ci ildə ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunu olub.

Kapitan Aqil Məlikov 27 sentyabr 2020-ci ildə Füzulinin Qaraxanbəyli kəndində silahdaşları ilə birgə 3 kənd, 7 postu azad edərkən qəhrəmancasına şəhid olub. Aqil Məlikov “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.