“Ürək sözü” adlı Azərbaycan ləzgilərinin ədəbi birliyi 1959-cu ildə yazıçı Zabit Rizvanov tərəfindən yaradılmışdır. Birliyin ilk yığıncağı 18 oktyabr 1959-cu ildə Qusar şəhər Mədəniyyət Evində keçirilmişdir.

Birliyin fəaliyyətində A.Abdullayev, B.Səlimov, N.Zəkiyev, Z.Babaxanov, A.Mərdanov, Ə.Musayev, Y.Şeydayev, F.Rəhimxanov, T.Əlixanov, L.Nemət, B.Bağışov, İ.Şərifov, H.Qaflanov, N.Paşayev, M.Məhsimov iştirak etmişlər.

1960-cı illərdə birliyin üzvlər, ləzgi dilinin məktəblərdə tədrisi ilə bağlı sovet orqanlarına müraciət etməyə başladılar. 1962-ci ildə isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bununla bağlı xüsusi qərar qəbul etdi. Beləliklə, məktəblərdə ləzgi dilinin tədrisinin təşkil olunması, rayon qəzetinin bir səhifəsinin ləzgi dilində çap edilməsi, yerli radioda ləzgi dilində verilişlərin səslənməsi üçün göstəriş verildi.

1964-cü ildə “Azərnəşr” “Ürək sözü” adlı kitab nəşr edir. Burada 21 qusarlı şairin şeirləri toplanmışdı. Bayram Səlimov, Kələntər Kələntərli, Asəf Mehman, Bacıxanım İsayeva, Şixzada Vələdov, Məclum Fərzəliyev, Tevriz Piraliyeva, Şakir Novruzbəyov, Ağaməhəmməd Bədəlov, Niyaz-Əli Paşayev kimi şairlərin ləzgicə əsərləri məcmuədə ilk dəfə çap olunur.

Birliyin fəaliyyəti nəticəsində 1992-ci ildən Bakıda “Samur” Ləzgi Milli Mərkəzinin orqanı olan eyniadlı qəzet, 2009-cu ildən isə “Çiraq” jurnalı nəşr olunur. Həmçinin birliyin sayəsində 2011-ci ilin məlumatına görə, Azərbaycanın Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının 126 məktəbində ləzgi dili və ədəbiyyatı tədris olunurdu. Qusarda, həmçinin Ləzgi Dövlət Dram Teatrı fəaliyyət göstərir.

 

 

İstinad edilən mənbələr: