Qusarın 3000-dən artıq sakini olan Urva kəndində marşrut xətti yoxdur. Sakinlər taksilərə pul xərcləməli olurlar. Bu haqda ShimalNews 13 sentyabr tarixində Baku TV-yə istinadən məlumat verir.

Yerli camaat bildirir ki, 1 ildən artıq ictimai nəqliyyata həsrət qalıblar. Onlar avtobusa 40-60 qəpik ödəyirdilərsə, indi taksiyə gündə azı 4 manat verməli olurlar. Bu da kənd sakinlərinə maddi sıxıntı yaradır. Bəziləri rayon mərkəzinə yaxın kirayə ev tuturlar ki, pula qənaət etsinlər.

Urva kənd icra nümayəndəliyindən bildirilib ki, məsələ ilə bağlı məlumatlıdırlar və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət ediblər. Xidmətdən bildirilib ki, hər hansı sahibkar dövriyyə marşrut buraxmaq üçün müraciət etsə, müsbət cavab alacaq. Beləliklə, bu hal aradan qaldırılacaq.