Söhüb qalası Quba rayonunun Söhüb kəndində, Baş Qafqazın dağ ətəyində, 1700 metr hündürlükdə yerləşir. Qalanı, həmçinin “Söhübqala”, “Divlərqala”, “Div qalası”, “Söhüb daxması”, “Sükut qalası” adlandırırlar.

Qalanın yaranma tarixi dəqiq deyil. Bir neçə mənbədə onu IV-VI əsrlərə, digərlərində isə IX-XI əsrlərə aid edirlər.

Qalanın adı ilkən “Söhübqala” olub, lakin sonra “qala” komponenti düşüb. “Söhüb” sözü fars dilindən “soub” – “tərəf, istiqamət, səmt” mənasını ifadə edir. Beləliklə, “Söhübqala” – “qala tərəfi, qalanın səmti” deməkdir.

Söhüb qalası strateji əhəmiyyətə malik olub. Burada özünəməxsus qaydada hərbi xəbərləşmə həyata keçirilib. Məlumatlar gündüz güzgülər, gecə isə tonqal vasitəsilə uzaq məsafələrə ötürülüb. Həmçinin qalanın şimal və cənub tərəfində iki müdafiə xətti olması istehkam olduğunu sübut edir. Lakin bir neçə tədqiqatçı qalanın zərdüştlərin ibadət yeri olduğunu qeyd edir.

Qala kərpicdən hörülüb. Qalanın tikintisində yumurta sarısı da istifadə olunub. Abidə 2 çəlləyə oxşayır və “8” rəqəminə bənzəyir. Qalanın girişi olmayıb. Deyilənə görə, abidədən yeraltı gizli yollar ayrıldığına görə, giriş hissəsi də yerdən olub. Qalanın cənub tərəfində su ehtiyatı üçün xüsusi çökəkliklər var. Abidənin üstündə tonqal qalandığının izləri indi də qalmaqdadır. Bəzi alimlər buranı Bakıdakı Qız Qalasına bənzədirlər.

Ehtimal edilir ki, insanlar klinik ölüm keçirəndə onları burada 3 gün saxlayıblar ki, ayılsınlar.

Burada qazıntılar zamanı külli miqdarda saxsı qırıntıları və sümük çıxarılıb. Qala ərazisindən keramik material da toplanılıb. Qalanın yaxınlığında XII-XIII əsrlərə aid qəbirlər də var.

Söhüb qalasının tədqiqatı hələ də başa çatmayıb.

İstinad edilən mənbələr: