Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev “Azərişıq” ASC-nin Xaçmaz elektrik şəbəkəsinin rəisi Ruhin Məmmədova sakinləri narahat edən məsələ ilə bağlı müraciət edib. Bu haqda ShimalNews 9 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Palıdlı kəndində rayon rəhbərliyi vətəndaşların qəbulunu keçirib. Burada əksər şikayətlər elektrik enerjisinin verilməsində tez-tez yaranan fasilələrlə bağlı olub. Sakinlər bildirib ki, son 5-6 ayda enerji təminatında fasilələr və qəza nəticəsində yanğın hadisələri baş verib.

İcra başçısı Elnur Rzayev yerli elektrik şəbəkənin rəisi Ruhin Məmmədovdan bunun səbəbini soruşub. “Azərişıq” ASC-nin şəbəkə rəisi rayona yeni təyin olunduğu üçün vəziyyətdən xəbərsiz olduğunu bildirib.

“Mən bilirəm, siz bilmirsiniz? Qəbula gələndə bütün təşkilat rəhbərləri ərazi barədə məlumatlı olmalıdırlar”, – deyə icra başçısı ona iradını bildirib.

Məsələnin davamı olaraq Dədəli kənd icra nümayəndəsi Rasim Qasımov ümumilikdə nümayəndəlik üzrə 7 yaşayış məntəqəsində 9 transformatorun köhnə və qəzalı olduğunu deyib. Bununla bağlı dəfələrlə cavabdeh quruma müraciət edilib.

Bu və digər müraciətləri dinləyən Elnur Rzayev məlumat verib ki, hazırda “Azərişıq” ASC Xaçmaz rayonunda elektrik xətlərinin yenilənməsi istiqamətində işlərə başlayıb. Rayonda 4 podratçı təşkilat işləyir və tədricən bütün xətlər yenilənəcək.

Daha sonra icra başçısı transformatorla bağlı məsələnin müsbət həll olunması üçün rayon elektrik şəbəkəsinin rəisinə 10 gün vaxt verib.