Qubada şəhid Eynulla Lətifovun xatirəsinə inşa olunan bulağın açılış mərasimi keçirilib. Bu barədə ShimalNews 9 sentyabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

2-ci Nügədi kəndində yerləşən bulağın açılış mərasimində icra başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi zamanı igidimiz Azərbaycan bayrağını üzərində daşıyıb. Onun qəlpə yarası alan zaman qana boyanmış həmin bayraq ailəsinə təqdim edilib.

2001-ci il sentyabrın 8-də Qubanın 2-ci Nügədi kəndində dünyaya göz açan Eynulla Lətifov, oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Eynulla Lətifov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Foto Quba Rayon İcra Hakimiyyəti
Foto Quba Rayon İcra Hakimiyyəti