Nabran qəsəbəsində 13 oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramına həsr olunmuş Zəfər kuboku uğrunda idman spartakiadası keçirilir. Bu barədə ShimalNews 8 sentyabr tarixində “Ülfət” qəzetinə istinadən məlumat verir.
Hər il Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq qərarına uyğun olaraq, dəmiryolçuların yarışı keçirilir.
Minifutbol, voleybol, futbol və stolüstü tennis üzrə yarışlar Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışlar isə “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında baş tutacaq. Bu il ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı sentyabrın 18-dək davam edən turnirdə iştirak edəcək.
Spartakiadanın qaliblərinə kubok, diplom və pul mükafatları peşə bayramı ərəfəsində təqdim ediləcək.