Qusarın İmamqulukənd Mədəniyyət Evinin “Şən və Hazırcavablar” komandası ləzgi dilində ifa etdiyi “Traktor” mahnısının təqdimatını keçirib. Bu barədə ShimalNews 8 sentyabr tarixində İctimai TV-yə istinadən məlumat verir.

6 il fəaliyyət göstərən komanda kənd həyatından bəhs edən yumoristik səhnəciklər hazırlayır. Tamaşaçıların əhvali-ruhiyyəsinin daha da yüksəldilməsi üçün onlar mahnılar da oxuyurlar.

“Mövzu kənd həyatı ilə bağlıdır. Traktor sürən dostum var, Qirimxan, onun təşəbbüsü oldu ki, mənim də traktorumu bir klipə çəkərsiz. Təbii ki, onun təklifi ilə biz bu mahnını yazdıq, məşq etdik və klip çəkdik”, – deyə komandanın rəhbəri Elvin Məmmədhüseynov bildirib.

Ot yığımından bəhs edən yumoristik səhnəciyə aid mahnını komanda bu dəfə klip formasında lentə almağa qərar verib. Elvin mahnının musiqisini kompüter proqramları vasitəsilə yığdığını deyir.