Zülfəli Əziz oğlu Məhərov (Əzizov) 1868-ci ildə Qusarın Urva kəndində anadan olub. O, milli hürriyyət və istiqlal ideyasını təbliğ edən ruhanilərdən idi.

Zülfəli kənddə Quran və dinə aid ibtidai təhsilini aldıqdan sonra Qubada orta və ali mədrəsədə təhsil almışdır. O, burada təhsil alarkən 12 dini və dünyəvi elmi öyrənmişdir.

Sovet dövründə Zülfəli Məhərova qarşı repressiyalar başlandı. Bu vəziyyətdə o, var-dövlətini, torpaq sahələrini könüllü şəkildə təhvil verdi, əvəzində altı oğlan və iki qız böyüyən ailəsinə toxunulmazlıq istədi.

Zülfəli Məhərov Urva kənd məscidinin mollası olub. 1971-ci ildə sovet hakimiyyəti Urva kənd məscidini sökmək istəyəndə, “Siz nə edirsiniz? Allah evini uçurmaq böyük günahdır” – deyə Zülfəli onları fikirlərindən yayındırmaq istəyir. Lakin ağsaqqalın sözlərinə məhəl qoymurlar və ibadətgahı dağıdırlar.

Zülfəli geniş dünyagörüşü və fenomenal yaddaşı ilə tanınmışdır. O, 104 yaşında 1918-ci ildə baş verən erməni daşnaklarının və bolşeviklərin törətdiyi qırğınları xatırlayırdı.

Onlardan biri bu idi: “Heç yadımdan çıxmır, 1918-ci ilin martının axırlarında Dağıstanın Filer kəndindən olan bolşevik Feyzulla Abbasov gəlmişdi…Martın 18-də və 19-da ermənilərin Bakıda və Şamaxıda törətdikləri qırğınlardan danışıb dedi ki, bu işləri görən… erməni daşnaklarıdır. Kənddə cəmi 20 tüfəng var idi. Bu, azlıq edirdi. Ona görə də silah əldə etmək üçün iki nəfərlə Qubaya yollandıq… Silah almaq üçün pulu Xürel kəndinin xeyirxah insanı olan Balamət Pirmətov vermişdi. O, bizə böyük dəstə yaratmağa kömək etdi və özü də ermənilərlə döyüşdü. Qubaya getdiyimizdən bir həftə sonra eşitdik ki, ermənilər şəhəri ələ keçiriblər”.

Zülfəli Məhərov 1974-cü ildə, 106 yaşında Qusarın Urva kəndində vəfat edib.

 

İstinad edilən mənbələr:

  • Müzəffər Məlikməmmədov. Qanlı dərə: 1918-ci il Quba faciəsi. Bakı-2019.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.