Xaçmaz şəhərinin 28 May küçəsində natəmizlik sakinlərin bir qismini uzun illərdir narahat edir. Bu barədə ShimalNews-a 2 sentyabr tarixində müraciət daxil olub.
Sakinlər bildirirlər ki, illərdir burada tullantılar üçün qab qoyulub. Lakin onu texnika vasitəsilə təmizləmirlər, yalnız əl ilə yarısına gədər boşaldırlar. Bu səbəbdən o, tez dolur.
Həmçinin məlum olub ki, bura toplanması nəzərdə tutulmayan tullantılar, məsələn daş və tikinti qalıqları atılır, onlar isə təpəciklər əmələ gətirir.
“Bütün bunlardan əlavə, quru ot və kəsilmiş ağaclar bura atılır. Onlar quruduqda yandırılır. Bu isə burada olan kiçik qaz qovşağı üçün birbaşa təhlükədir. Hər dəfə zibili kimsə yandırır, biz isə söndürürük ki, qəza baş verməsin. Dəfələrlə qonşulara irad bildirilib. Onlar isə aylıq ödəniş etdiklərinə görə, özlərini haqlı sayırlar”, – deyə sakinlər bildirib.
Daha öncə Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi (İƏD) nümayəndəliyinin əməkdaşları Füzuli, Ziya Bünyadov və Mikayıl Müşfiq küçələrində abadlıq işlərinin keçirilməsi haqqında məlumat vermişdik.

