Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun məhkəməsi zamanı müəyyən olunmuşdur ki, onun Quba qəza komissarı Əli bəy Zizikski ilə 1917-1918-ci illərdə sıx əlaqəsi var imiş. Bağırov burada Zizikskinin köməkçisi olub. Həmçinin Bağırov Zizikskiyə yardım göstərərək onun üzə çıxmasına, bəraət almasına kömək etmişdir.

Bağırov 1917-ci ilin mart ayında Zizikski ilə yaxından tanış olur. Həmin vaxt Mircəfər Bağırov qəza komissarı Əli bəy Zizikskinin köməkçisi vəzifəsinə təyin olunur. O, bu vəzifədə 1917-ci ilin noyabr ayının sonunadək işləyir.

Azərbaycanda sovet hakimiyyəti qurulmamışdan öncə, Bağırov Qubada fəaliyyət göstərdiyi dövrdə faktiki olaraq bolşeviklərin, əslində isə onlara zidd olan təşkilatların nümayəndəsi olub. Bunu Bağırovun evində axtarış zamanı Zizikski ilə birgə xidməti barəsində sənədlərinin surətinin aşkar olunması sübut edir.

1918-ci ildə Bakıda mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın şimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qüvvələrinə Zizikski rəhbərlik edirdi. Bağırov isə bu dəstədə Əli bəyin ən sevimli əsgəri idi. Bu dəstə ermənilərin törətdiyi soyqırımın qarşısını almaqda böyük rol oynamışdır.

Sovet dövründə Zizikskini həbs etməklə hədələyirlər. Lakin Bağırov Zizikskinin üzə çıxarılması üçün sənədləri hazırlayıb, ona belə deyir: “Bu sənədə əsasən, sən Azərbaycanın harasında istəsən, yaşaya bilərsən. Nə qədər ki mən burada işləyirəm, sən heç bir şey üçün narahat olma”. Nəticədə bütün sonrakı illər ərzində Əli bəy Zizikski ailəsi ilə birlikdə Bakıda yaşadı.

Buna baxmayaraq, Zizikski 1929-cu ilin sentyabr ayında ölüm cəzasına məhkum olunmuşdur.

1956-cı ildə Bağırovun məhkəməsinin materiallarından bəlli olur ki, Mircəfərə qarşı Xruşşovun əlaltısı Rudenko tərəfindən ittihamlardan biri onun Əli bəy Zizikskinin müdafiəsinə qalxması olmuşdur.

İstinad edilən mənbələr: