Xaçmazda “Azərişıq” ASC tərəfindən elektrik şəbəkəsində genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu barədə ShimalNews 23 avqust tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Rayonun Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində işlərə start verilib. Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin elektrik şəbəkəsi isə yenidən qurulub.
Görülən işlər çərçivəsində Sərkərli kəndində 3 ədəd transformator məntəqəsi quraşdırılacaq. 12 km-ə yaxın 10 kV-luq, 8 km-dən çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.
Rayon mərkəzindən 25 km aralıda yerləşən Həsənqala kəndində isə işlər başa çatıb. Burada 400-dən çox abonent var. Həsənqala kəndində 7 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. 14 km-dən çox 10 kV-luq, 20 km-dən artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Beləliklə, enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.
Bundan sonra 12 kəndin 3.000-dən çox abonenti keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.