Xaçmaz rayonunun Laman kənd sakinləri dəmir yolunun üzərində keçidin olmaması ilə bağlı narahatlıq keçirirlər. Bu barədə ShimalNews 16 avqust tarixində Real TV-yə istinadən məlumat verir.
İllər ərzində yerli camaat kənd ərazisindən keçən dəmir yolunun digər tərəfində yerləşən məscidə, pay torpaqlarına, eləcə də qohumların evlərinə gedib.
Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC kənd ərazisində dəmir yolu xəttinin yenilənməsinə başlayıb.
“Yeni dəmir yolu xətti çəkilir, amma sabah burada çəpərləmə gedəcək. Yəni təhlükəsizlik yaratmaq üçün. Bizim buradan keçməyimizə çətinlik yaranacaq. Uşaqlarımızın buradan məktəbə getməyi var”, – deyə sakin Namiq Məlikov bildirib.
Sakinlərin sözlərinə görə, tikinti işlərinə başlamazdan öncə onlara ərazidə keçid qoyulacağı ilə bağlı vəd verilib, lakin verilən vəd icra olunmayıb.
Məsələ ilə bağlı ərazidə tikinti aparan şirkətin də mövqeyini öyrənmək mümkün olmayıb. “Azərbaycan Dəmir Yolları” QSC isə bildirdi ki, hazırda məsələnin həlli istiqamətində yerli əhali ilə danışıqlar aparılır. Müzakirələr yekunlaşdıqdan sonra rəsmi açıqlama veriləcək.