Aşağı Ləgər kəndi Qusar rayonunun mərkəzindən 8 kilometr şimalda, Qusar maili düzənliyində yerləşir. Kəndin adı ilk dəfə 1796-cı ilə aid Rusiyanın hərbi arxivinin siyahısında verilmişdir.

1932-ci ildə Aşağı Ləgər kəndində kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar aparılmışdır. 1953-cü ildə burada orta əsrlərə aid bir neçə yaşayış yeri aşkar edilmişdir. 1970-ci illərdə kəndin yaxınlığında IV-VIII əsrlərə aid yaşayış yerlərinin qalıqları tapılmışdır. Bunlar Ruşarpel (Qızlar təpəsi), Ağaxanpel (Ağaxan təpəsi) və Yusufxanpel adlı yerlərdir.

1900-cu ildə kənddə rus-tatar məktəbi istifadəyə verilmişdir. Kəndin yüzbaşısı Xanbaba Səfərov məktəb tikmək məqsədi ilə Quba qəzasının rəhbərlərindən yazılı icazə istəmiş və öz vəsaiti hesabına bina inşa etdirmişdir. Bakıda nəşr olunan “İqbal” qəzetinin 1913-cü ilin 1 oktyabr sayında Aşağı Ləgər məktəbi haqqında məlumat verilib. 1926-cı ildə Aşağı Ləgər kəndində ibtidai məktəblər üçün binaların tikintisinə başlandı. Onlar 1932-ci ilədək istifadəyə verildi.

1924-cü ildə Qusar rayonunda ilk dəfə Aşağı Ləgər kəndinə traktor gətirilmişdir. 1980-ci illərdə burada sovet hökuməti tərəfindən bağlar salınmağa başlayanda yüzlərlə insanın bağı məhv edildi. Buna baxmayaraq, kəndin ərazisində 500 hektardan çox məhsuldar bağ var idi.

1926-cı ildə kənddə 1230 nəfər, 2018-ci ilin məlumatına görə, 2000 nəfər yaşayıb. Əhali, əsasən, heyvandarlıq, meyvəçilik, bağçılıq və əkinçiliklə məşğuldur.

Aşağı Ləgər adlı kənd, həmçinin Xaçmaz rayonunda da mövcuddur.

İstinad edilən mənbələr:

  • Osmanov İsaməddin Səyid oğlu. Qusar rayonu. Bakı-2000.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Azərbaycan toponimlərin ensiklopedik lüğəti. Bakı-2007.
  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  • http://www.nkpi.az/?page=addread&id=209
    Photo Shimal.News
    Photo Shimal.News

    Photo Shimal.News
    Photo Shimal.News