Quba, Qusar və Xaçmaz rayonlarında fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının dövlət texniki baxışının keçirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı monitorinqlər aparılıb. Bu barədə ShimalNews 13 avqust tarixində Azərtac-a istinadən məlumat verir.

Yoxlamalar Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aparılıb. Burada aqrotexnikanı texniki baxışa təqdim etməyən, dövlət qeydiyyatına almayan və texnikaları sürücülük vəsiqəsi olmadan idarə edənlər barədə inzibati protokollar tərtib olunub.

Eləcə də kənd təsərrüfatı texnikalarının istismar qaydalarına riayət edilməsi, texnikaların dövlət qeydiyyatına alınması, məhsulun yığımı və daşınması vaxtı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı texnika istifadəçiləri maarifləndirilib.

Eyni zamanda, texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunub, dövlət qeydiyyatına alınıb və etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib.