Qusarda məişət tullantılarının çeşidlənməsi və idarə edilməsi üzrə “Eco Park” MMC fəaliyyətə başlayıb. Bu barədə ShimalNews 13 avqust tarixində Qusar rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Rayona gələn turistlərin və rayon əhalisinin sayının artması ilə əlaqədar məişət tullantılarının həcminin də artması bu sahədə əlavə tədbirlərin görülməsini tələb edir.

Qusar şəhərində, sovet dövründə yaradılmış məişət tullantıları poliqonu artan təlabatı ödəmir. Bu sahənin genişləndirilməsi və əlavə yeni poliqonun yaradılması isə mümkün olmayıb.

İcra hakimiyyətinin başçısı Şair Alxasov müəssisə ilə tanış olub. Burada “Eco Park”ın rəhbəri, sahibkar Anar Məmmədov ümumi məlumat verib.

Məlum olub ki, Qusar şəhərindən gündəlik 25-30 kubmetrə yaxın məişət tullantılarını qəbul edilir. Onların faydalı hissələri təkrar emal üçün çeşidlənəcək. Bu isə 1 ay ərzində 1000 kubmetrə yaxın tullantı təşkil edəcək.

Nəticədə tullantıların (plastik (PET) butulkalar, plastik, tullantı kağızları, metal qırıntıları, şüşələr və s.) bir qismi Bakı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə (Balaxanı Sənaye Parkına), digər qismi isə Sumqayıt şəhərində yerləşən müəssisələrə təkrar emal üçün göndəriləcək.

Müəssisənin gələcək planlarında fəaliyyətini genişləndirərək emalın da təşkil edilməsi və müxtəlif növ məhsulların istehsalı üçün avadanlıqların alınması nəzərdə tutulub. Layihə şəxsi, həmçinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə maliyyələşdirilib.

Anar Məmmədov Qusar rayon rəhbərliyinə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) layihənin həyata keçirilməsinə dəstək verdikləri üçün təşəkkürünü bildirib.

Qusar RİH
Qusar RİH