Quba rayonunun Rustov kəndində anadan olan şəxs “öldüyünə” görə vətənə qayıda bilmir. Bu barədə ShimalNews 13 avqust tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

“26 il əvvəl Rusiyaya gəldim. İndi də öz vətənimə qayıtmaq istəyirəm, amma mümkünsüzdür. Səbəb isə mənim guya ölməyimdir”, – deyə 67 yaşlı Abil Zeynalov bildirib.

O, 1996-cı ildə vətəni tərk edib, 2011-ci ildə isə guya Rusiyada öldüyü xəbərini alıb:

“Bura gələndə evli idim. Lakin həyat yoldaşım Azərbaycanda qalası oldu. Bu illər ərzində vətənə qayıtmadım. Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci il oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa biri ilə evlənib”.

Zeynalov iddia edir ki, bundan sonra özünün Rusiyada, qardaşının isə Azərbaycanda aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb:

“67 yaşım var və artıq öz yurduma qayıtmaq istəyirəm. Atam 98 yaşında qoca kişidir. Onun yanında olmaq istəyirəm, amma hara müraciət etsəm də, alınmır. Hazırda Xabarovsk vilayətindəyəm və işsizəm. Çox xahiş edirəm mənə kömək edin, vətənə qayıdım. Qardaşım kənd bələdiyyəmizə və məhkəməyə müraciət edib. Lakin deyiblər ki, “bizlik deyil”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurum Abil Zeynalovun qardaşı ilə əlaqə saxlanıldığını, lakin məlumatların fərdi olduğuna görə, açıqlama verə bilməyəcəklərini qeyd edib.

Quba rayon Rustov kənd bələdiyyəsinin rəsmisi Aydın Kazımov isə məsələ ilə bağlı bunları dedi:

“Məsələdən xəbərim yoxdur. Onu bilirəm ki, illər əvvəl Rusiyaya gedib və qayıtmayıb. Həyat yoldaşı da başqa biri ilə ailə qurub. Ölüm kağızını da biz verməmişik”.

Zeynalovun ölüm kağızına Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov imza atıb. Onun sözlərinə görə, bu kağız məhkəmənin qətnaməsinə əsasən hazırlanıb:

“Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”.

Foto Qafqazinfo
Foto Qafqazinfo