Biologiya elmləri doktoru Ağaverdi Şahverdi oğlu Ağaverdiyev 1934-cü ildə Qusar rayonunun Piral kəndində anadan olub.

O, Piral kəndində səkkizillik məktəbi bitirəndən sonra Həzrə kənd orta məktəbinə keçmişdir. Ağaverdi orta məktəbi qızıl medalla bitirmişdir. Şagird yoldaşları ilə söhbət edəndə o, belə demişdi: “İlk növbədə əsgərlik borcumu yerinə yetirəcəm. Sonrasını həyat özü müəyyənləşdirər”. Ağaverdiyev Bakıda hərbi məktəbdə təhsil almağa başladı. Bir il burada təhsil aldıqdan sonra o, sovet ordusunda hərbi xidmətə getdi.

1957-ci ildə Ağaverdi indiki Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. O, tələbəlik illərində Tələbə Elmi Cəmiyyətinə üzv seçilib və burada fəal iştirak etdiyinə görə iki dəfə Fəxri Fərmanla təltif olunub.

1963-cü ildən Ağaverdi təhsilini davam etdirmək üçün Lomonosov adına Moskva Dövlət Universitetinə yollanır və burada üçillik aspirantura pilləsini il yarıma bitirir. Daha sonra o, Perm Universitetinin fiziologiya va mikrobiologiya kafedrasında müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində çalışıb.

1974-cü ildə Ağaverdi Ağaverdiyev Moskvanın Vilyams adına Elmi-Tədqiqat Yemçilik İnstitutunda şöbə müdiri vəzifəsini tutub. 1993-cü ildə alim Dərbəndin Yujdaq Universitetində kafedra müdiri, 1995-ci ildən isə burada prorektor vəzifəsini icra edib.

Biologiya elmləri doktoru 100-dən çox elmi əsərin, bir neçə dərsliyin, metodik proqramların və göstərişlərin müəllifidir.

1996-cı ildə Ağaverdi Ağaverdiyev Rusiya Enerji İnformasiya Akademiyasının akademiki seçilib. Bu zaman o, doğma kəndi və onun sakinləri haqqında “Pirallılar” adlı avtobioqrafik povest üzərində çalışıb. Lakin onun 1996-cı ildə vəfatı ilə əlaqədar əsər yarımçıq qalmışdır.

 

İstinad edilən mənbələr:

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Qızıl Qusar.- Arzular çiçək açır.- 17 may 1966.
  • Elbrus Şahmar. Qusar-beşiyim mənim. Bakı-2012.