Niyazoba kəndi Xaçmaz rayonunda, Xəzər dənizinin qərb sahilində yerləşir. Ehtimal edilir ki, kənd V əsrdə Sasani dövlətinin şahı I Yəzdəgird tərəfindən (399-421-ci illər) salınıb.
Kəndin adı “Niyaz” (şəxs adı) və “oba” komponentlərindən ibarətdir, “Niyaza məxsus oba” mənasını ifadə edir. Həmçinin kəndin adının “Nizobat” və “Nizovye” adlandırılmasına rast gəlinir. “Nizovaya” şəklində işlədilən bu söz “aşağı” mənasını verir. 1830-1840-cı illərdə Rusiyadan buraya köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaşayış məntəqəsinin adı “Nizovaya” adlandırılmışdır. 1992-ci ildə kəndin adı “Niyazoba” adlandırılmağa başladı.
Kənd XIII əsrdə monqollar, şimaldan isə köçərilər (irandilli tayfa) tərəfindən dağıdılmışdır.
XIV-XIX əsrlərdə kənd Niyazabad liman şəhəri kimi fəaliyyət göstərib və Quba xanlığının əsas limanı olub.
XVII əsrdə Niyazobada 40 məhəllə, 40 kiçik məscid, böyük cümə məscidi, hamamlar və böyük bazar var idi. Kənddə hazırlanan ipək parçalar, xalçalar, Şərq və Qərb ölkələrindən gətirilmiş müxtəlif mallar satılırdı.
1636-cı ildə burada olmuş alman filosofu və coğrafiyaşünası Adam Oleari kənd haqqında “Описание путешествия в Московию и через Московию в Персию и обратно” adlı kitabında yazıb.
XVIII əsrdə Niyazoba kəndi Dərbənd xanlığının tərkibində idi.
1977-ci ildə kənddə XIV-XV əsrlərə aid xəzinə aşkar edilmişdir.
Statistik məlumatlara əsasən, 2009-cu ildə kənddə 1428 nəfər yaşayırdı.
İstinad edilən mənbələr:
- Семен-Тян-Шанский. Географическо-статистичесiй словарь Российской Империи. Том III. Санкт-Петербург – 1867.
- Адам Олеарий. Описание путешествия в Московию и через Московию в Персию и обратно. Санкт-Петербург-1906.
- Azərbaycan Sovet ensiklopediyası. VII cild. Bakı-1983.
- Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.
- Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı 2014.
- Пиркулиева Ганира Али кызы. Денежное обращение и метрология монет Азербайджана в конце XIV-начале XV в. Баку-2001.
- Dünya Azərbaycanlıları: Tarix və müasirlik. Bakı-2009.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.