22 İyul – Azərbaycanda Milli Mətbuat Günüdür. Bu, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin nəşr olunması ilə bağlıdır. Şimalın ilk rayon qəzetləri isə XX əsrin əvvəllərində fəaliyyətə başlayıb və bu günə kimi çap olunur.

Qubanın ilk qəzeti “Əxbar” adlı qəzetdir. Bu mətbuat orqanı 21 aprel 1921-ci ildə fəaliyyətə başlayıb. Qəzetin yaranmasında Vladimir Leninin rolu olub. Bu, bir hadisə ilə bağlıdır. 1920-ci ilin dekabrında Azərbaycanın Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetlər Qurultayının ünvanına bir vaqon alma sovqatı göndərirlər. Sovqat Vladimir İlyiç Leninə şəxsən çatdırılır. Quba almalarının dadı Leninin xoşuna gəlir. Nəticədə o, Quba kəndlilərinə minnətdarlıq edir və sakinlərə çap maşını hədiyyə edir. Bundan sonra Qubada “Əxbar” qəzeti nəşr olunmağa başlayır. Qəzet daha sonra “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba”, “Quba” adlandırılıb. 1995-ci ildən başlayaraq qəzet “Şəfəq” adı ilə nəşr olunur.

Xaçmazın ilk qəzeti 5 may 1932-ci ildə partiya və sovet orqanı kimi “Qırmızı Xaçmaz” adı ilə təsis edilmişdi. Onun məsul redaktoru Abdulla Abdullayev idi. Sonralar 1963-cü ildə Xaçmaz rayonu Quba və Qusar rayonlarının tərkibinə daxil olduğundan qəzetin fəaliyyəti müvəqqəti dayandırıldı. 1965-ci ildən, Xaçmaz rayonu yenidən bərpa ediləndən sonra Xaçmaz rayon qəzeti “Dostluq” adı ilə nəşrə başladı. Qəzet 5 may 1938-ci ildən “Döyüş postunda” adı ilə Azərbaycan və rus dillərində nəşrini davam etdirib. 1948-ci ildən “Döyüş yolunda” adı ilə, 1954-cü ildən iki səhifəlik “Tərəvəzçi” adı ilə nəşr olunub. Hazırda “Xaçmaz” qəzeti kimi fəaliyyət göstərir.

Qusar rayon qəzeti 1932-ci ildən Hil rayonunda çap olunmuşdur. Qəzet ilk dəfə “Sosializm tempi” adı ilə Hil Rayon Komitəsinin və Rayon İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyətə başlamışdır. Rayon mərkəzi Qusara köçdükdən sonra bu mətbuat orqanı “Qızıl Qusar” adı ilə fəaliyyət göstərmişdir. Qəzet Azərbaycan və ləzgi dillərində latın qrafikası ilə nəşr edilmişdir. Qəzetin ilk redaktoru şair və dövlət xadimi Nurəddin Şərifov olub. Hazırda qəzet “Qusar” (КцIар) adı ilə çap olunur.

İstinad edilən mənbələr: