“… Uşaqlığımdan bütün vaxtımı şəkil çəkməyə və sevdiyim musiqiyə sərf edirdim…” – Reyhan Topçubaşova

Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. O, Azərbaycanın ilk qadın rəssamlarından biri, həmçinin cərrah, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşovun həyat yoldaşı idi.

Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb. Lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib.

Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır.

Reyhan xanım yaradıcılığı haqqında belə demişdir: “… Uşaqlığımdan bütün vaxtımı şəkil çəkməyə və sevdiyim musiqiyə sərf edirdim. Xırda yaşlarımda ancaq karandaşla çəkirdim. Xatırlaya bilmirəm, nə üçün rənglə deyil, karandaşla çəkirdim; yəqin ki, bu hal rəng ilə çəkməyi bacarmadığımdan irəli gəlmişdir”.

Reyhan xanım 1936-cı ildən Azərbaycan rəssamlarının sərgilərinə qatılır. İlk sərgidə rəssamın “Toy” adlı çoxfiqurlu əsəri nümayiş olunur. Onun diplom işi olan bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur.

Onun “Köhnə Bakı küçəsi”, “Köhnə bazar”, “İlk təbliğatçı Mina xanım”, “İki sahil”, “Qoca zalım şahın hüzurunda”, “Qız qalası”, “Dəniz”, “Mərdəkanın görünüşü” adlı süjetli tabloları və “Balerina Qəmər Almaszadənin portreti”, “M.Ə.Sabirin portreti”, “Avtoportret” və “Nizami Gəncəvi” kimi portretləri var. Sənət əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.

Reyhan xanım 8 mart 1938-ci ildə ilk dəfə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgini təşkil etmişdir.

Sənətkar 1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. O, 10 iyul 1943-cü ildə qadın rəssamlarından ilk “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib.

 

İstinad edilən mənbələr: