Qılınc piri Quba rayonunun Alpan kəndində yerləşir. Pir quruluşca dördbucaqlıdır. Damı dəmir təbəqə ilə örtülüb və üzərində aypara və ulduz rəmzi quraşdırılıb. Ziyarətgaha, həmçinin “Qılıc piri” də deyilir. Pirin dəqiq yaranma tarixi məlum deyil.

Ziyarətgahın bu cür adlandırılması və yaranması haqqında bir neçə fikir mövcuddur. Onlardan biri pirin keçmişdə burada yaşamış qılıclı (qılınclı) tayfaları ilə bağlı olmasıdır. Digəri isə qılınc (qılıc) sözünün “dağ tirəsi” mənasını ifadə etməsi ilə əlaqəlidir.

Burada 1796-cı ildə, Rus-İran müharibəsi zamanı qubalı Şeyxəli xan və onun 500 nəfərdən ibarət qoşunu rus generalı Sergey Alekseyeviç Bulqakova qarşı vuruşub. Ehtimal edilir ki, qubalı Şeyxəli xan silah kimi yalnız qılınclardan istifadə edib və buna görə döyüşdə qalib gəlib. Beləliklə, bu səbəbdən həmin yer “Qılınc pir” adlandırılıb.

Həmçinin pirlə bağlı belə bir rəvayət də mövcuddur: İslam dini Azərbaycanda yayılmağa başlandığı ilk dövrlərdə (VII-VIII əsrlərdə) Alpan kəndi ərazisindəki qədim şəhərdə dörd dini icma fəaliyyət göstərirdi. Onlar xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər və göy cisimlərinə inananlar idi.

Sakinlərə qoyulan əsas şərt müsəlmanların qanunlarının keçərli olması idi. Beləliklə, müsəlmanların qanunlarına əməl edənlər, onlara tabe olanlar əfv edilirdilər, digərləri isə qılıncdan keçirilir və ya şəhərdən qovulurdular. Buna görə müsəlmanlar və bu icmalar arasında silahlı qarşıdurma baş verirdi. Bu münaqişəyə Qılıc adlı sərkərdə rəhbərlik edib. Lakin o, döyüşdə ağır yaralanaraq vəfat edib. Qılıc orada dəfn edilib, onun başdaşı əvəzinə isə qılınc qoyulub.

İstinad edilən mənbələr: