Əslən qubalı olan Leyla Məmmədbəyova 1909-cu ildə Bakıda (digər mənbələrdə Qubada) anadan olub. O, Azərbaycanda, Qafqazda, Cənubi Avropada, Yaxın Şərqdə ilk qadın təyyarəçi olmuşdur. Onu “səmanın xanımı” adlandırmışdılar.

Məmmədbəyova sənət təhsilini 1930-cu ildə Bakı aeroklubunda alıb. Onun ilk uçuşu 1931-ci ildə baş verib. Leyla 1932-ci ildən təhsilini Moskvada SSRİ Osoaviahim texniki-uçuş məktəbində davam etdirib.

1933-cü ildə Məmmədbəyova Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atlanaraq SSR-nin ikinci qadın paraşütçüsü olub. O, 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutub. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirib.

Leyla 1941-ci ildə yüzlərlə təyyarəçiyə təlim keçərək artıq aviasiya mayoru idi. Məmmədbəyova müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı.

Məmmədbəyova 1961-ci ildə təqaüdə çıxmışdır.

Şair Mikayıl Müşfiq Leyla xanıma 1933-cü ildə “Əfşan”, bir ildən sonra “Şölə” poemalarını həsr edib. Şair Səməd Vurğun isə onun həyatının anlarını əks etdirən “Leyla” əsərini yazıb.

1934-cü ildə Leylaya həsr olunan səssiz “İsmət” bədii filmi çəkilib.  Filmdə Məmmədbəyova səmada “ölü mayallaq” hərəkətini göstərərək özü şəxsən kaskadyor kimi iştirak edib. Bununla da, o, Azərbaycanda ilk qadın kaskadyor oldu. 1995-ci ildə isə onun haqqında “Leyla” sənədli filmi çəkilib.

Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə oldu.

Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə 1936-cı ildə “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”, 1946-cı ildə “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Həmçinin Leyla altı uşaq anası olduğu üçün onun mükafatları arasında “Analıq medalı” da var idi.

2017-ci ildə “Huffington Post” adlı Amerika nəşri Leyla Məmmədbəyova haqqında məqalə yazmışdır. Orada belə qeyd olunub: “O, öz həyatı ilə Azərbaycanda – qadınların ABŞ-dan daha əvvəl səs vermək hüququna malik olduğu bir ölkədə tipik müsəlman qadını stereotipini qırdı”.

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

İstinad edilən mənbələr: