Quba rayonunda yerləşən təsərrüfata dəstək göstərilib. Bu barədə ShimalNews 24 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.

Təsərrüfatda yenidənqurma işləri aparılıb, həmçinin fermerlər ehtiyacları üzrə inventarlarla təmin olunublar. Bu işlər “Şəhərdən Kəndə” layihəsi çərçivəsində görülüb.

Adıçəkilən layihə “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. Bu günə qədər ona qoşulmaq üçün 220-yə yaxın fermer müraciət edib. Aparılan qiymətləndirmələr əsasında ümumilikdə 9 təsərrüfatda yenidənqurma işləri həyata keçirilib.

Həmçinin əcnəbi və yerli mütəxəssislər tərəfindən 100-dən artıq fermerə aqroturizm modulu üzrə təlim keçirilib. Fermerlər 14 rayondan 75 təsərrüfatı təmsil ediblər.