Xaçmaz rayonunda sakinlər və böyük təsərrüfat sahibləri fındıq qərzəyindən üzvi gübrə kimi istifadə perspektivlərini maraqla qarşılayıblar. Bu barədə ShimalNews 17 iyun tarixində Azərtac-a istinadən məlumat verir.
Layihə rəhbəri Altay Dəmirzadə bildirib ki, yığım zamanı yaranan və tullantıya atılan fındıq qərzəyini orqanik növ gübrəyə çevirə bilmək potensialı araşdırılıb: “Avqust-sentyabr aylarında fındıq yığımı zamanı meyvənin üzərində olan yaşıl qərzək tullantıya çevrilir. Bar verən bağlarda ümumilikdə yığılan məhsulun miqdarına nəzər saldıqda, ilkin hesablamalara görə, bu, hər il min tonlarla fındıq qərzəyi deməkdir. Əgər biz bu qərzəyin laboratoriya şəraitində üzvi gübrəyə çevrilməsini təmin edə bilsək, il ərzində yüz tonlarla orqanik gübrə ala bilərik. Əldə olunacaq yeni növ məhsul, yəni gübrə orqanik olduğu üçün, əkin və bağ sahələrinin becərilməsində xüsusilə faydalı sayıla bilər”.
Hazırda layihə yekunlaşmaq üzrədir. Qərzək tullantısından üzvi gübrənin müxtəlif bitkilər altında sınaqları uğurlu nəticə verərsə, gübrə istehsalı həyata keçirilə bilər.